Written by 23:04 Aktuelles / Последние записи, Ana dilində, FAYDALI MƏLUMATLAR

İnformasiya müharibəsi və elmi portalların rolu

Print Friendly, PDF & Email

Bu yazını çoxdan yazmağı düşünürdüm və nə dərəcədə əhəmiyyətli olub-olmamasını götür-qoy edirdim. Son zamanlar bizim, əsasən xaricidilli, həmçinin almandilli elektron axtarış sistemində zəif nəticə gösətəricilərimizə görə, nəhayət bu məqalənin yazılmasına qərar verdim. Yazını oxuduqdan sonra şərh bölməsində fikirlərinizi bildirə, məlumatın faydalı olduğunu düşünsəniz, sosial şəbəkədə paylaşa bilərsiniz. Bəri başdan qeyd etmək istərdim ki, mənim sahəm humanitar fənnlər olsa da, bloqqerliklə son 8 ildir həvəskar kimi məşğul oluram və axtarış sistemilə bağlı məlumatları internet üzərindən oxuyaraq tanış olmuşam. Bu sahədə mənim ilk layihəm İsmayıllı rayonu İvanovka kəndi haqqında “ivanovka.net” saytı hesab olunur. Hazırda layihənin uğurlu olduğunu qeyd edə bilərəm. Belə ki, son 8 ildə həmin layihəm üzərindən minlərlə internet istifadəçisi mənə müraciət etmiş və yüzlərlə insanlara kömək etmək imkanında olmuşam. Layihəyənin həmçinin başqa üzvləri də var və onlarında saytın inkişafında böyük tövhəsini qeyd etmək istərdim. Hazırda sayta gün ərzində 100-200 arası unikal İP- ünvanlarından daxil olunur, yaz və yay aylarında isə bu say gün ərzində 500 nəfərə çatır. Çox sevindirici haldır ki, sayt üzərindən müraciət edənlər tək yerli internet istifadəçiləri deyil, həmçinin əcnəbi turist, xəbər aqentlikləri və qohumlarını axtaran malaknlar da var.

2013-cü ildə “masimov.net” domen ünvanında bloq yazıları paylşamağa başladım. 2014-cü ildə Almaniyanın Bundestaqında təcrübə keçərkən hər həftə alman Parlamentində gördüyüm işlər haqqında alman dilində yazılar, həmçinin şəkillər paylaşırdım. 2016-ci ildə “masimov.net” saytını ləğv etmək qərarına gəldim və həmin ildən etibarən “masimovasif.net” domeni ünvanında əsasən azərbaycan, rus və alman dillərində paylaşımlarımı davam etdirirəm.

Bu gün isə Samir Həsənovla birlikdə 2017-ci ildə yaratdığımız “Alumniportal Aserbaidschan”  layihəsinin həmtəsisçisi hesab olunuram. Bu yazımda əsasən nədən biz Alumniportal Aserbaidschan layihəsinə start verdiyimizi misallarla izah edəcəm.

Google vs. Facebook

2018-ci ilin  göstəricisinə görə, internet istifadəçilərinin 94%-i “Google” axtarış üzərindən axtarışlarını gerçəkləşdiriblər. İkinci yerdə, axtarış sistemi sayılmasa da, “YouTube” kimi nəhəng video portalı yer tutur. “YouTube” 2006-ci ildə “Google” tərəfindən alınıb və bunlar təbii ki, axtarış sistemində bir-birlərini tamalayırlar. Bu səbəbdən, hazırda informasiya müharibəsi dövründə yaşadığımızı nəzərə alsaq, hər iki nəhəng axtatarış sisteminə yetərincə diqqət ayrılmalıdır. Belə ki, arada “Facebook” və “İnstagramda” bir az vaxt keçirdikdə məndə belə təəsürat yaranır ki, sanki Azərbaycanın internet istifadəçiləri öz suallarınının cavabını “Google” vasitəsilə deyil, məhz “Facebook” üzərindən, daha doğrusu müəyyən səhifə və qruplar vasitəsilə, sual verərək və ya hansısa postun altında şərh yazaraq, axtarırlar. “Facebook” üzərindən bir sualın cavabını tapmaq mənim üçün vaxt itkisi hesab olunur. Belə ki, həmin cavabı çox qısa bir zamanda “Google” və “YouTube” axtarış sistemində tapmaq mümkündür. Azərbaycanda bu istiqamətdə vəziyyət o qədər kritikdir ki, bir çox restoran, otel, əyləncə mərkəzləri, bir sözlə özəl müəssisələr öz marketing strateqiyasını əsasən “Facebook” və “İnstagram” üzərindən qururlar. Bu səbəbdən “Google”´-da bir azərbaycan müəssisəsini axtardıqda onun ön sıralarda facebook səhifəsi çıxır. Mənim fikirimcə bu qeyri-peşəkar yanaşmadır. Təbii ki, “Facebook” və “Instagram” istənilən biznesin və layihənin inkişafı üçün bir vasitə kimi müsbət qiymətləndirilməlidir.  Özəl sektorda olduğu kimi, Azərbaycanın elm sahəsində də keyfiyyətli elmi portalların sayı kifayət qədər deyil. Bunun başlıca səbəbi, əsasən, universitetlərimizin ayrıca fərqli araşdırma sahələri üzrə elmi portalların yaratmaması hesab olunur. Almaniyada bu istiqamətdə vəziyyətin necə olmasını aşağıda misallarla diqqətinizə çatdıracam.

Vikipediya vs. Elmi portallar

Azərbaycanda bir problemi “yuxarıya” çatdırana kimi, həmin problem olur trend problem və problemin ətrafındaki məsələlər qalır kölgədə. Son illər hiss olunur ki, elektron ensiklopediya hesab olunan Vikipediyaya hökumətimiz tərəfindən az da olsa diqqət ayrılır. Lazımdır! Lakin unutmaq lazım deyil ki, Vikipediya sanballı mənbə hesab oluna bilməz və tək bu ensiklopediyanın üzərində işləmək düzgün deyil.  Vikipediyaya hər il ən çox ianə verənlərin  sırasında “Google” korporasiyasıdır. Beləliklə “Google”-un marağındadı ki, internet istifadəçiləri axtarış sistemindən məhz ön sırada Vikipediyanın məqaləsini tapıb oxusunlar. Təbii ki, vikipediyanın daxilindəki məqalədən o biri məqaləyə keçid linklərin əlavə olunması, eləcə də internet istifadəçilərinin həmin saytda çoxlu vaxt keçirməsi də, axtarış sistemində nəticəyə təsir göstərən amillərdən hesab olunur.

Sözsüz ki, Vikipediya bizim üçün internet üzərindən bu gün ilk məlumat mərkəzi kimi hesab oluna bilər. Həmin platformada paylaşılan məqaləni öz elmi işlərimizdə nə istifadə edə, nədəki həmin məlumatlara hansıda formada istinad edə bilərik. Səbəbi çox sadədir: Vikiepdiyada paylaşılan yazılar asanlıqla manipulyasiyaya uğrayır və bir çox məlumatlar yoxlanılmır.

Bunu aşağıdakı misallarla göstərməyə çalışacam. Vikiepidiyanın məqaləsində bir fikirin bildirilməsi üçün, onu bir mənbə ilə istinad etdirmək lazımdır. Hazırda həmin mənbələrin yaranması üçün fərqli üsullara əl atılır: saytlar yaradılır və orda “fake” (saxta) məlumatlar paylaşılır, müəyyən elmi sahə üzrə məşğul olan şəxslərə pulla öz ixtisasına aid olmayan məqalə və kitablar yazdırılır və s.

Təsəvvür edin ki, əqər bir inşaat mühəndisi Qarabağ Tarixi haqqında kitab yazıb, sonra universitetin auditoriyasında tələbələrin suallarına cavab verə bilmirsə, həmin xərclənmiş pul və vaxt nəyə lazımdır? Mənim fikirimcə hətta “Vikipediya” üçün hesablanmış bu addımı yalnış qiymətləndirməlidir.

Bir neçə il bundan öncə Milli Qəhramanımız Mübariz İbrahimovun almandilli Vikipediyasındakı məqaləsinə rast gəldim. Məqalənin bir hissəsi diqqətimi çəkdi: güya Putin Mübarizi “Rambo” adlandırıb və istinad kimi https://xeberman.com/  saytı göstərilib. Birinci çox sevindim və məlumatın düz olub-olmamasını rus dilində axtarmağa başladım. Bir çox saytlarda güman edilən məlumat eyni şəkildə paylaşılsa da, konkrek fakt tapa bilmədim.

Üçüncü misal: Alman dilli Vikipediyada “Pogrom in Baku” yazısı ilə tanış oldum. Yazıda 1990-cu ildə yanvar ayında azərbaycanlıların ermənilərə qarşı apardığı poqromlar haqqında bəhs olunur və Tomas de Vaala istinad olunaraq 90 yaxın ermənin öldürüldüyü qeyd edilir. Çoxdandı De Vaalın “Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabını oxusam da, yenidən istinad olunan 90-cı səhifəni yoxlamaq üçün açdım. Kitabda 90 yaxın ermənin öldürdüyü hissəni oxuyub tapsam da, Tomasın həmin məlumatı hardan əldə etdiyini qeyd etmir (istinad yoxdur). Təbii ki, o ərəfələrdə ermənilər və azərbaycanlıların arasında gərginliyini nəzərə alsaq, qarşılıqlı ölüm faktlarını danmaq mümkün deyil. Lakin Tomasa istinad olunan məlumatın şişirdiliyini, qeyri-akademik olmasını qeyd etmək mümkündür və belə faktlar çox vaxtı Vikipediyanın könüllü adminləri tərəfindən yoxlanılmır və ya buna göz yumulur.

Nəticə

Təbii ki kütləyə təsir göstərib ictimai diskursu dəyişmək istəyiriksə, Vikipediyaya önəm verməliyik. Bu gün (2020-ci il) almandilli Vikipediyada 2 milyon 300 mindən çox məqalə yazılıb və beləliklə almandilli Vikipediya ingilis dilindən sonra ikinci ən çox məqalə hazırlanan dil hesab olunur. Almaniyada təhsil almış və təhsil alan azərbaycancanlılar da öz oxuduqları sahələri üzrə Vikipediyada müəyyən məqalə yaza və ya ən azı məqalələrdə müəyyən dəyişikliklər edə bilərlər.

Lakin biz keyfiyyətli nəticə əldə etmək istəyiriksə, onda alternativ imkanlardan istifadə etməliyik. Tutalım, təhsil aldığım Humboldt Universitetində  “H / Soz / Kult” və „Clio Online“ adlı maraqlı və önəmli informasiya portalları fəaliyyət göstərir. Bir çox gənc tədqiqadçılar, həmçinin alimlər öz məqalələrini həmin platformada yerləşdirə bilirlər. Alman dilində təhsil alan tələbələr isə onlayn axtarış sistemində yuxarıda qeyd olunan portalların yazılarına rast gələrsə, rahat öz elmi araşdırmalarında mənbə kimi istifadə edə bilərlər. Eyni yanaşma demək olar ki, Almaniyanın bütün aparıcı universitetlərində var. Belə ki, Almaniyanın bir universiteti hansı sahə üzrə güclü hesab olunursa, həmin sahə üzrədə informasiya portalını yaradır. Yadıma gəlir ki, Göttingen Universitetində magistr pilləsində təhsil alarkən, professorlarımız elmi kitab və məqalələrdən əlavə olaraq, məhz belə platformalardan yazılar gətirib, dərs zamanı bizə oxutrudub, diskussiya aparırdılar.

Bir məlumatın mənbə kimi istifadə edilməsi üçün, onun kim tərəfindən yazılması önəmli faktor hesab olunur. Belə ki, bir məlumatın müəllifi yoxdursa və ya müəllifi kifayət qədər öz sahəsi üzrə tanınmış birisi deyilsə, həmin məlumatı mənbə kimi istifadə olunması, ən azı alman akademik dairələrində, tənqidi qəbul olunur.

2017-ci ildə mən və Samir Həsənov Alumniportal Aserbaidschan saytını yaradanda yuxarıda qeyd etdiyimiz platformaları özümüzə misal seçmişdik. Lakin layihəmizə, əsasən azərbaycanlı məzunlar tərəfindən, marağın az olması bizdə arada ruh düşkünlüyü yaradır. Görəsən bizə belə bir layihə lazımdırmı? Qeyd etmək yerinə düşərdi ki, son aylar biz elmi çərçivədən çıxaraq daha çox siyasi məsələlərə diqqət ayırmağa başladıq. Belə ki, bir elmi məqaləni paylaşdıqda adətən oxucuların sayı az olur. Lakin Qarabağ və Ermənistanla bağlı bir paylaşım olduqda isə, oxucuların sayı pik həddə çatır. Ola bilsin ki, “Qarabağ” və “erməni” sindromunu qırıb hər şeyə sırf bu prizmadan yanaşmamalıyıq. Hazırda biz  yerimizdə sayırıq. Bu sindoromu qırmaq üçün biz “Qarabağ” bizimdir məntiqini dəyişib,  özümüzə “Qarabağ qayıdıqdan sonra” biz ermənilərlə necə yaşayacayıq, Bakıda məskünlaşan “qaçqın və məcburi köçkünlərimiz Vətənlərinə qayıdacaqmı” sualını verməliyik.

Almaniyaya hər birimiz fərqli məqsəd və gözləntilərlə gəlsək də, hamımızın Vətəni birdir. Hər kəs öz sahəsi üzrə dürüst olub bir müsbət iş görsə, öz ölkəsini və mədəniyyətini qonaq ölkədə yaxşı tərəfdən tanıtmış olacaq. Vətəni sevmək üçün, mütləq bayrağı götürüb Avropanın küçələrinə axışmağa ehtiyac yoxdur. Almaniyada biz, əsasən informasiya vasitəsilə, düşmənlərimizə qalib gələ və bizə maraq göstərən auditoriyaya lazımi məlumatı çatdıra bilərik. Bu gün əqər mənim bir məqaləmi 10.000 dəfə internet istifadəçiləri oxuyursa, demək mən 1o minlik auditoriyaya mühazirə demiş hesab olunuram. Oxucuların arasında isə mənə mütləq kimsə yazır, görüşürəm, müəyyən məsələlərdə məsləhət verməyə çalışıram.

Etiraf etmək lazımdır ki, bu gün internet üzərindən hazırlanan istənilən bir yazı yaxud videomaterial üçün çəkilən xərclər hansısa gerçəkləşən tədbir və ya ona oxşar layihə üçün çəkilən vəsaitlərdən dəfələrlə azdır. Əvəzində isə onlayn resursların ictimai fikrə təsir etmək imkanları qat-qat üstün, effektiv ve uzunmüddətli olur. İnformasiya müharibəsi sahəsində dövrün tələblərinə cavab verən professional işlərin görülməsi son dərəcə vacibdir!

Misal olaraq Berlində Qarabağ və ona bənzər mövzularda baş tutan tədbirləri yada salmaq olar. Bu tədbirlərin ərsəyə gəlməsi üçün kifayət qədər pul vəsaiti, vaxt sərf edilir və 100-150 nəfər qonaq dəvət olunur. Dəvət olunan şəxslərin əksəriyyəti ictimai xadimlərdir və Azərbaycan tarixi, mədəniyyəti, siyasəti və s. sahələri üzrə ixtisaslaşan ekspertlərdir. Bu tipli şəxslərin iştirakı ilk baxışdan önəmli görünür. Lakin aşağıda sadalayacağım amillər bu yöndə aparılan strateqiyanın əhəmiyyətinin son illər az olduğunu göstərir:

 

Artıq qeyd olunduğu kimi istər kiçik, istərsə də böyük tədbirlərin keçirilməsi istənilən halda müəyyən vəsaitlərlə bağlıdır. Buraya təşkilati işlərdən tutmuş maliyyə mənbəyinin təmin edilməsinə qədər olan mərhələlər daxildir. Ən əsası isə bu cür layihələrin çox zaman tələb edir və son nəticənin uğurlu olub olmamasını öncədən dəqiq proqnozlaşdırmaq olmur.

Tədbirlərə dəvət alan ictimai-siyasi xadimlərin əksəriyyəti Azərbaycanın əsasən də Qarabağ münaqişəsindəki ədalətli mövqeyini daima müdafiə edən şəxslərdir. Bənzər tədbirlərin demək olar ki, yeni simaların cəlbinə əlavə vəsait və vaxtın sərf edilməsi gərəkdir. Virtual portallar bu problemin həllini yeniləyir. Yeni simaların marağını oyadır və informasiyanın geniş miqyasda son dərəcə tez zamanda yayılmasına yol açır.

Qapalı məkanlarda təşkil edilən tədbirlər zamanı avropa ictimaiyyətinin, xüsusən də sadə vətəndaşların bu tədbirlərdən ya məlumatı olmur, ya da əldə olunan nəticələr cəmiyyətdə heç bir rezonans doğurmur.

Xocalı faciəsinin Avropada düzqün təbliğ etmə metodları

a. Xocalıya Azərbaycanda hüquqi qiymət verilməlidir; b. Xocalı faciəsində əli olanlara qarşı açılmiş cinayət işi fəal davam etdirilməlidir; c. Məsələ yuxarı instansiya məhkəmələrinə çıxarılmalıdır; d. Hüquqi səviyyədə əcnəbi araşdırmacılar tərəfindən fərqli metodik yanaşma və nəzəriyyə əsasında Xocalı faciəsi araşdırılmalı, terminlərə aydınlıq gətirilməli (Avropanın akademik dairələrində Xocalı faciəsi “qətliam” kimi qeud olunur) və kitablar nəşr olunmalıdır.
Schlagwörter: , , , , , Last modified: 22. Juli 2020
Close